GƏNCƏ, 14 iyul. TELEQRAF

Bu gün saat 17:50 radələrindən 2-si azyaşlı olmaqla 5 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

"Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir" - məlumatda qeyd olunur.

***
19:23

Gəncədə 6 nəfərin qida zəhərlənməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yas mərasimlərindən birində baş verib və qurumun Gəncə Regional Nümayəndəliyinin rəsmiləri qidadan nümunələr götürməyə başlayıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu, Gəncədə son 3 gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. 2 gün əvvəl də şəhərin Atatürk prospektində yerləşən ünvanlardan birində yas mərasimində iştirak edən 8 sakin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmişdi.

***
18:28

Gəncədə 6 nəfər qidadan zəhərlənib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 6 nəfər Abbas Səhət adına Gəncə Birləşmiş Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Tapdıq Həsənli (1999), Leyla Hüseynova ( 1951), Ramil Məmmədov ( 1982), Ülviyyə Hacıyeva (1974) yerli tibb müəssisəsinə yerləşdiriliblər.

Zəhərlənən iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıblar.