BAKI, 9 iyul. TELEQRAF

Bu ilin ilk 6 ayında cinayətlərin açılması 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə olanların açılması 4,4 faiz, onlardan oğurluqların açılması 10,7 faiz, dələduzluqların açılması 1,2 faiz yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3.013 cinayət açılıb, eləcə də 4.474 hüquqazidd əməlin qarşısı alınıb.

Müxtəlif cinayətlər törətmiş 6.887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4.282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.