SAMUX, 9 iyul. TELEQRAF
Samux rayonunun Sarıqamış kəndində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza zamanı vəfat edən şəxslərdən 1975-ci il təvəllüdlü Samir Əhmədov və Fəridə Əhmədova ər-arvad olublar. Dünyasını dəyişən digər sərnişin – 1962-ci il təvəllüdlü Aqilə Alıyeva isə ailənin yaxın qohumudur. Hadisə nəticəsində xəsarət alan 17 yaşlı Əhməd Əhmədov isə həmin ailənin övladı olub.
Məlumata görə, ailə üzvləri Kolayır kəndindən Samir Əhmədovun qardaşı nəvəsinin dünyaya gəlməsi münasibətilə keçirilən ziyafət məclisindən öz evlərinə – Burunqovaq kəndinə qayıdırmışlar. Rayonun "Kür yolu" adlanan ərazisində, Sarıqamış kəndi yaxınlığında S.Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində adıçəkilən hər üç şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Ailənin yeniyetmə övladı Əhməd Əhmədov və "Mercedes" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Kövbər kənd sakini Məhəmməd Hüseynov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimala görə, dəhşətli qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı rəsmi araşdırmalar davam etdirilir.
***
22:25. 08.07.2026
Samuxda yol qəzasında ölən şəxsərin adları məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Sarıqamış kəndi istiqamətində baş verən qəza zamanı "Mercedes" markalı avtomobillə "VAZ2107" markalı maşın toqquşub.
Nəticədə Samir Əhmədov (1975-ci il), Fəridə Əhmədova (1987-ci il) və Aqilə Alıyeva (1962-ci il) həlak olublar.
17 yaşlı Əhməd Əhmədov isə yaralanıb.
Qəza qurbanlarının hamısı Samuxun Burunqocaq kənd sakinləridir və bir ailənin üzvləridir.
***
21:48
Samuxda baş verən yol qəzasında üç nəfər ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanılıb.