AĞDƏRƏ, 8 iyul. TELEQRAF
Ağdərə rayonun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) bu gün saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub.
1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Hazırda 2 nəfər pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
08:29
Suqovuşanda baş verən mikroavtobus qəzası zamanı xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, yaralılardan vəziyyəti ağır olan 3 nəfər kəllə-beyin travması diaqnozu ilə Mingəçevir Regional Xəstəxanasına təxliyə olunub.
Digər xəsarət alan şəxslər isə müayinə və müalicə məqsədilə Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
***
07:00
Suqovuşan ərazisində işçiləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı, 77-JZ-716 dövlət qeydiyyat nişanlı mikroavtobus hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün xəstəxanaya yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.