BAKI, 5 iyul. TELEQRAF

İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının ilkin səbəbi məlum olub.

Teleqraf xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata görə, qəzaya sürücünün sükan arxasında diqqətinin mobil telefona yönəlməsi səbəb olub.

Hadisə iyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində qeydə alınıb. Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü İlqar Süleymanov və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.

İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Faciə ilə əlaqədar sürücülərə çağırış edən Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında mobil telefondan istifadənin ağır qəzalara yol açan ən ciddi risk faktoru olduğunu xatırladıb: "Sükan arxasında telefona baxdığınız cəmi bir neçə saniyə geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Heç bir zəng və ya mesaj insan həyatından daha dəyərli deyil".