BAKI, 20 fevral. TELEQRAF

BEYLƏQAN, 19 fevral. TELEQRAF

Beyləqan rayonunda geniş ərazilərə yayılan yanğın bir neçə kənddə internet təminatında fasilələrə səbəb olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə yanğın hadisəsi ilk olaraq rayonun yaşayış məntəqələrinin yaxınlığından keçən drenaj kanallarında qeydə alınıb.

Kanallarda qamışlığın alışması nəticəsində alov sürətlə yayılıb. Yanğın yaxınlıqdan keçən internet xətlərinə də zərər vurub. Yüksək temperatur səbəbindən kabel xətləri əriyərək sıradan çıxıb.

Nəticədə bir neçə yaşayış məntəqəsində internet bağlantısında kəsintilər yaranıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə bərpa işləri aparılır.

***

22:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

21:33

Beyləqan rayonunun bir neçə kəndində yanğın hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, küləkli hava şəraitində kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığında yerləşən meşə massivinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon yanğınsöndürmə bölməsinin əməkdaşları və xüsusi texnikası tam heyətlə cəlb olunub.

Yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən qüvvələrinin də əməliyyata qoşulması planlaşdırılır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.