AĞDAM, 31 yanvar. TELEQRAF
Ağdamda əri tərəfindən baltalanan qadın Mingəçevir şəhərində yerləşən Regional Hospitala köçürülüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Mahrızlı kəndində əri tərəfindən balta ilə xəsarət yetirilən Gülzəndə Salahova hadisədən sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Ona qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilmişdi.


***
13:56
Ağdam rayonunda baş verən ağır ailə münaqişəsi ilə bağlı yeni detallar məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, həyat yoldaşı tərəfindən baltalanan qadının qaynanası, hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Salahovun anası Hafizə Salahova baş verənlərə münasibət bildirib.
H.Salahova deyib ki, gəlininin hadisədə heç bir günahı yoxdur. Onun sözlərinə görə, ailə artıq bu vəziyyətdən bezib.
Şübhəlinin anası oğlunun sərt şəkildə cəzalandırılmasını istədiyini də açıqlayıb:
“Ömürlük hökm kəsilsin. Nə qədər həyatı varsa, qoy orada çürüsün. Onun uşaqları yazıqdır, heç olmasa beş gün rahat yaşasınlar”.
Faktla bağlı araşdırma aparılır.

***
13:25
Yanvarın 31-də saat 10:00 radələrində 1 nəfər (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
***
09:58
Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, həbsdən yeni çıxan Salahov Ceyhun Ağali oğlu həyat yoldaşı Salahova Gülzəndə Abbas qızını balta ilə yaralayıb.
Hadisə yerinə təcili tibbi yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.