ASTARA, 3 yanvar. TELEQRAF

Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikrovtobusunun qəza etməsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-də saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.

Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

18:54

Astarada mikroavtobusun aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Baxşıyeva Əfsanə və 1961-ci il təvəllüdlü Həsənova Səyarə vəfat edib.

***

18:01

Astarada mikroavtobus aşıb, ölən və xəsarət alanlar var.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.