BAKI, 3 yanvar. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
***
10:03
GƏNCƏ, 3 yanvar. TELEQRAF
Gəncə şəhəri, Bağman yaşayış massivi, Faiq Bayramov küçəsində yerləşən bir-birinə bitişik 3 fərdi yaşayış evlərində yanğın baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yanğın zamanı 110 kvadratmetr sahəsi olan ev tamamilə, ikinci evin 40 kvadratmetr, üçüncü evin isə 35 kvadratmetr sahədə dam örtüyü yanıb.
Ümumilikdə təxminən 180 kvadratmetr ərazi yanğından zərər görüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin idarəsinin 6 yanğınsöndürən avtomobili və 35-ə yaxın canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun qarşısı tamamilə alınıb və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı müvafiq araşdırma aparılır.
***
09:35
Gəncə şəhərində bir-birinə bitişik üç fərdi yaşayış evi yanıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bağbanlar qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə 7 yanğınsöndürən avtomobil və çoxsaylı canlı qüvvə cəlb olunub. İlkin məlumata əsasən, elektrik naqillərində baş verən qısaqapanma nəticəsində alov bir evdən digər iki evə keçib.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.