BAKI, 11 dekabr. TELEQRAF

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinda keçirilən əməliyyat nəticəsində daha üç nəfər həbs edilib.

Teleqraf xəbər verir ki, komitənin əməkdaşları - Zaur Haşımov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmovun barəsində məhkəmənin qərarı ilə qətimkan tədbirləri seçilib.

***

14:23

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.

Onlar barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun, Fərid Usubov isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də saxlanılıb.

Bu şəxslər də Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurlar.