BAKI, 9 dekabr. TELEQRAF
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Noyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Dekabr ayının 3-də isə Daxili İşlər Nazirliyinin Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb, sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.