BAKI, 7 sentyabr. TELEQRAF
Bu gün saat 15:50 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***
17:32
GƏNCƏ, 7 sentyabr. TELEQRAF
Gəncənin Cavad xan qəsəbəsində tikilinin uçması nəticəsində xəsarət alan qardaşların adları məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, həmin şəxslər 2003-cü il təvəllüdlü Kənan Məmmədov və onun qardaşı 2002-ci il təvəllüdlü Sənan Məmmədovdur.
Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Taleh Kərimov həyatını itirib.
***
16:04
BAKI, 7 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
15:27
GƏNCƏ, 7 sentyabr. TELEQRAF
Gəncədə usta bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, ərazidə ev tikintisi zamanı uçqun baş verib. 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Ərazidə xilasetmə işləri davam edir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.