BAKI, 10 aprel. TELEQRAF

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

O, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.