BAKI, 19 noyabr. TELEQRAF

“Bu gün oğlum ailəsi ilə birlikdə Zəngilan rayonunun Cahangirbəyli kəndinə köçür. Onları yerləşdirib geri qayıdacağam. Şükür bu günlərə, çox sevincliyik”.

Teleqraf xəbər verir ki, bunu Cahangirbəyli kəndinə köçən ailənin üzvü Validə Səfərquliyeva bildirib.

Zəngilana ilk dəfə səfər edəcəyini deyən V.Səfərquliyeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib:

“Allah Prezidentimizin canını sağ eləsin, ona kömək olsun. Sağ olsun ki, ailələri evlə təmin etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Arzum budur ki, bütün ailələr doğma yurdlarında xoşbəxt yaşasın, gözəl günlər görsünlər. İnşallah, hər şey yaxşı olacaq. Bütün xalqımıza xoş günlər arzulayıram”.

Qeyd edək ki, bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinə 19 ailə – 75 nəfər köçürülür.