BAKI, 1 iyul. TELEQRAF

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Rusiya Federasiyasının azərbaycanlılara qarşı sərgilədiyi imperialist, aqressiv və təhdid xarakterli hərəkətlərini pisləyən bəyanat qəbul edib.

Teleqraf-a daxil olan bəyanatda bildirilir ki, baş verənlər beynəlxalq hüququn pozulması, dövlətlərin suverenliyinə açıq təhdid və Türk millətinə qarşı düşmənçilik siyasətidir.

"Azərbaycan Respublikası təkcə Arazın şimalındakı 10 milyonluq xalqın deyil, Arazın o tayında yaşayan 40 milyon Güney Azərbaycan Türkünün də dövlətidir. Azərbaycan bizim milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur. Bu səbəbdən Azərbaycan dövlətinə qarşı edilən hər təhdid, hər təzyiq və hər zorakılıq – bizim özümüzə, millətimizə və milli ləyaqətimizə qarşı yönəlmiş hücum kimi qəbul edilir.

Biz açıq şəkildə bəyan edirik ki, Rusiya tərəfindən aparılan təbliğat müharibəsi, mediada yayılan hədə-qorxu dolu materiallar, Azərbaycana qarşı əsassız ittihamlar və regionda sabitliyi pozmaq cəhdləri qəbuledilməzdir. Azərbaycan vətəndaşlarına qarşı aparılan psixoloji basqılar, təzyiq və zorakılıq ritorikası birbaşa olaraq Türk millətinin heysiyyətinə və hüquqlarına yönəlmiş hücumdur. Biz bunu nə unudacağıq, nə də bağışlayacağıq".

GAMAC Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini dəstəklədiyini bəyan edib: "Azərbaycan dövlətinin yanında olmaq bizim borcumuz, vətəndaşlıq şüurumuzun və milli vicdanımızın tələbidir. Bütün dünya bilməlidir ki, Azərbaycan dövləti tək deyil. Onun arxasında 40 milyon Güney Azərbaycan Türkü dayanır. Bizim qəlbimiz Azərbaycanın qəlbi ilə bir döyünür. Onun düşməni bizim düşmənimiz, onun mübarizəsi bizim mübarizəmizdir. Rusiya rəhbərliyi anlamalıdır ki, bu xalq artıq əsarətə boyun əyməyəcək, bu millət öz haqqını və dövlətini qoruya biləcək qədər şüurludur, güclüdür və birlikdədir.

Biz beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən aparılan bu təhdidkar siyasətə qarşı prinsipial mövqe sərgiləməyə çağırırıq. Türk dünyasını və beynəlxalq Türk diasporunu isə bu tarixi mərhələdə birliyini nümayiş etdirməyə, Azərbaycanın yanında açıq şəkildə dayanmağa dəvət edirik. Eyni zamanda, bütün Güneyli soydaşlarımızı milli şüur və mübarizə ruhu ilə hərəkət etməyə, dövlətimiz Azərbaycanla həmrəyliyini konkret şəkildə ifadə etməyə çağırırıq".