“Paşinyan Ermənistanı Qərbə tərəf aparmaq istəyir, Rusiya isə regiona təsir imkanını əldə saxlamağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.

Ekspert separatçı general Vitali Balasanyanın qondarma rejim tərəfindən həbsinə diqqət çəkib:

“Dəqiq olan bircə Vitali Balasanyanın həbsidir. Gələn məlumatlara görə, qurama həbsdir. Oğlunun korrupsiyada, özünün isə “hakimiyyət nümayəndələri”nə zor tətbiq etməkdə ittiham olunması ciddi arqument deyil.

Məsələyə aydınlıq gətirmək üçün deyim ki, bu gün separatçılar arasında əsas iki qütb var. Birincisi, Rusiya tərəfindən idarə olunan və Ruben Vardanyanın rəhbərlik etdiyi qrup; ikincisi, Paşinyana tabe olan və Samvel Babayanın rəhbərlik etdiyi qrup.

Araik Arutunyan bu iki qütb arasında manevr edir, indiki məqamda Rusiya meyllilərin çaldığına oynayır.

Vitali Balasanyan bu qütblərin heç biri ilə əməkdaşlıq etmirdi. Hesab edirdi ki, hər ikisinin “siyasi marağı” var və onların heç biri “Qarabağ ermənilərinin maraqları”nı prioritet hesab etmir. Paşinyan Ermənistanı Qərbə tərəf aparmaq istəyir, Rusiya isə regiona təsir imkanını əldə saxlamağa çalışır. Məhz buna görə də Balasanyan geri çəkilmişdi. Onun həbsi həm Rusiyanın, həm də Paşinyanın təsiri ilə ola bilər. Əldə olan informasiyalar bu məsələdə aydınlıq gətirməyə yetərli deyil. Yəqin ki, günün sonuna bəzi məsələlərə aydınlıq gələr”.