“Bakı bizimlə bir məsələni - inteqrasiya mövzusunu müzakirə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan deyib.
Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Qarabağ erməniləri rəsmi Bakı ilə dialoqda Rusiyanın “vasitəçi” olmasını istəyir.
“Araik Arutyunyan bildirib ki, “bir şərt”lə - Rusiya vasitəçi rolunu öz üzərinə götürərsə, Bakı ilə dialoqa hazırdırlar. Başqa sözlə, ABŞ-ın vasitəçiliyi rədd olunur. Çünki amerikalılar Qarabağ ermənilərini inteqrasiyaya (Azərbaycana) sövq edirlər”, - məlumatda deyilir.
Rəsmi Bakının mövqeyinə gəlincə, şərtləri separatçılar yox, Azərbaycan dövləti müəyyən edir. Üstəgəl, dialoqun separatçı rejimin və ya Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərlə yox, rəsmi Bakının razı olduğu erməni icmasının nümayəndələri ilə aparılacağı dəfələrlə bildirilib.