BAKI, 30 iyun. TELEQRAF

Azərbaycanın qadınlardan ibarət əsas millisinin futbolçuları Manə Mollayeva və Günay İsmayılova məşqçiliyə başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.

AFFA-nın qərarına əsasən, əsas millinin futbolçusu Manə Mollayeva qızlardan ibarət U-15 yığmasının köməkçi məşqçisi təyin olunub. Əsas millinin qapıçısı Günay İsmayılova isə eyni komandada qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Bununla yanaşı, U-15 millisinin baş məşqçisi vəzifəsinə Rövşən Qasımov təyin olunub. O, eyni zamanda qadınlardan ibarət əsas millidə köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək. U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.

U-17 millisinin baş məşqçisi postuna isə Xanlar Əliyev gətirilib. O da qadınlardan ibarət əsas millidə köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandaların fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.