BAKI, 30 iyun. TELEQRAF

Qeyri-neft-qaz malları üzrə ixrac rəsmiləşdirilməsi xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi, həmçinin bu dəstəyin şamil olunmayacağı əməliyyatların və şəxslərin siyahısı müəyyənləşdirilir.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncamla İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, 2026-cı ildə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb hökumətə təqdim etməli, 2027–2031-ci illərdə isə bu dəstəyin ödənilməsi üçün zəruri vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.

Ədliyyə Nazirliyi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və aidiyyəti digər dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının dövlət başçısının 2026-cı il 16 iyun tarixli 685 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir. Nazirlik həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi və normativ xarakterli aktlarının Fərmana uyğunlaşdırılmasını təmin edərək altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın uyğunlaşdırma və nəzarətlə bağlı hissələrinin icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, maliyyələşmə və siyahıların hazırlanması ilə bağlı hissələrinin icrası isə İqtisadiyyat şöbəsinə həvalə edilib.