BAKI, 2 oktyabr. TELEQRAF

Türkiyədə “Hakimlər işi” adı ilə tanınan istintaq çərçivəsində iki Superliqa hakimi saxlanılıb.

Teleqraf xəbər verir ki, İstanbul Baş Prokurorluğunun qanunsuz mərc və idman cinayətləri bürosunun apardığı araşdırma çərçivəsində baş hakim Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.

Onların 7258 saylı qanuna zidd hərəkət, sənədlərdə saxtakarlığa iştirak və vəzifədən sui-istifadə ittihamları ilə saxlanıldığı bildirilir.

İstintaq zamanı saxlanılan şəxslərdən götürülən rəqəmsal cihazların araşdırılması və Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) məlumatlarının təhlili nəticəsində hakimlərlə bağlı yeni detalların ortaya çıxdığı qeyd olunub.

Xatırladaq ki, araşdırma çərçivəsində daha əvvəl Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin rəhbəri Ferdi Karadoruk və bir sıra digər hakim və futbol rəsmiləri saxlanılmışdı.