BAKI, 23 iyul. TELEQRAF

“Azarkeşlərə təşəkkür edirik ki, ilk dəqiqələrdən sonadək bizi dəstəklədilər. Bizi qələbəyə səsləyirdilər. Təəssüf ki, bunun qarşılığını meydanda verə bilmədik. Buna görə bütün “Neftçi” azarkeşlərindən üzr istəyirik. Onlara yalnız minnətdarlığımızı bildirə bilərik. Bu dəstəyin qarşılığını isə növbəti matçda geridönüş edərək mərhələni keçməklə verə bilərik”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin braziliyalı futbolçusu Qustavo Klisman UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabı ilə məğlub olduqları görüşü şərh edərkən deyib.

Yayda “ağ-qaralar”a qoşulan 27 yaşlı yarımmüdafiəçi məğlubiyyəti komandanın avrokuboklarda ilk rəsmi oyunu olması ilə əlaqələndirib:

“Oyuna yaxşı başladıq. Hətta 2:0 hesabı ilə öndə idik. Sonra nə baş verdiyini özümüz də tam başa düşə bilmədik. Bəlkə də ilk rəsmi oyunumuz olduğu üçün belə alındı. Fərdi səhvlər etdik və bu da belə nəticəyə gətirib çıxardı. İkinci hissənin əvvəlində qapıya vurduğum zərbə qol olsaydı, oyuna dönüş edə bilərdik. Ondan sonra da kifayət qədər qol epizodumuz oldu, amma dəyərləndirə bilmədik”.

Klisman III təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə mümkün qarşılaşma barədə düşünmədiklərini bildirib:

“Fikrimiz orada deyil. Hər oyuna ciddi yanaşmalıyıq. İstər ilk matça, istərsə də cavab görüşünə. Mərhələni keçəndən sonra "Braqa" və ya digər rəqib haqqında düşünmək olar”.

Braziliyalı futbolçu cavab görüşündə geridönüş edərək mərhələ adlayacaqlarına inandıqlarını da qeyd edib:

“Hələ şansımız var. Səfərdə yaxşı nəticə qazana bilərik. Bu həftə səhvlərimiz üzərində işləyəcəyik. Çalışacağıq ki, onları aradan qaldıraq və cavab görüşündə geridönüş edək. Macarıstana yalnız qələbə üçün gedəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Macarıstanda keçiriləcək.