BAKI, 22 iyul. TELEQRAF
“Azərbaycan haqqında yalnız müsbət təəssüratlarım var. Buradakı insanlar həqiqətən çox mehribandır. Bakı şəhəri, tarixi yerlər həqiqətən çox gözəldir. Həqiqətən çox yaxşı bir səfər oldu və biz hər şeydən çox razı qaldıq”.
Bunu Teleqraf-a açıqlamasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sabah”a 0:1 hesabı ilə məğlub olan Finlandiyanın KuPS komandasının qapıçısı Yohannes Kreydl deyib.
30 yaşlı avstriyalı qolkiper məğlubiyyəti belə şərh edib:
“Bəli, həqiqətən çox çətin və sürətli oyun oldu, xüsusən də ilk hissə. Çoxlu hücumlar qura bilmədik. Müdafiə olunmalı idik və çox əziyyət çəkdik. Amma məncə, öz cərimə meydançamızda həqiqətən yaxşı müdafiə olunduq. Düşünürəm ki, nəticə bizim üçün ən pisi deyil. Bundan da çox ola bilərdi. Amma biz son dəqiqəyə qədər mübarizə apardıq və hətta təkbətək epizodda fərqlənə də bilərdik”.
Kreydl cavab matçında qələbə qazanaraq mərhələ adlamaq istədiklərini deyib:
“Növbəti matçadan öncə liqada oyunumuz var. Amma cavab oyunda həm topla, həm də topsuz daha aqressiv olmalıyıq”.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasındakı duelin güclüsü ilə üz-üzə gələcək.