BAKI, 17 iyul. TELEQRAF

İspaniyanın “Atletiko Madrid” klubu Argentina millisinin üzvü Julian Alvaresin gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, Madrid təmsilçisinin baş icraçı direktoru Migel Anxel Xil Marin klubun rəsmi mediasına açıqlamasında 26 yaşlı hücumçunun heç bir halda satılmayacağını bildirib.

Klub rəsmisi Alvaresin həm klub, həm də komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Mənim fikrim də, klubun mövqeyi də aydındır. Bunu futbolçuya, onun menecerinə və “Barselona”nın prezidentinə çatdırmışıq. Heç bir şübhəm yoxdur ki, “Atletiko” Julian üçün ən doğru yerdir, Julian isə komandamız üçün ideal hücumçudur. Onunla yolumuza davam etmək istəyirik”.

Xil Marin “Barselona”nın futbolçuya maraq göstərməsinə baxmayaraq, Alvaresin transferi ilə bağlı heç bir təklifin qəbul edilməyəcəyini deyib.

“Bu yaxınlarda “Barselona” prezidentinin “Atletiko”ya etdikləri təklifin sonsuz olmadığını dediyini eşitdim. Bizim cavabımız isə sonsuzdur. Julianı satmaq istəmirik. Nə 100 milyon avroluq təklifi qəbul edəcəyik, nə 150 milyonluğunu, nə də 200 milyon avroluq təklifi”.

Qeyd edək ki, Julian Alvaresin “Atletiko Madrid”lə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayınadək nəzərdə tutulub.