BAKI, 8 iyul. TELEQRAF
“Kamilo Duran artıq Şotlandiyadadır. Hər şey qaydasında olsa, transfer baş tutacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis kolumbiyalı hücumçunun Şotlandiyanın “Seltik” klubuna transferinin yekunlaşmaq üzrə olduğunu bildirib:
“Duran tibbi müayinədən keçib. Bir neçə saat əvvəl hər şeyin qaydasında olduğu ilə bağlı məlumat almışdıq. Amma proses hələ tam başa çatmayıb. Transfer hələ rəsmiləşməyib. O, bizim əsas oyunçularımızdan biri idi və belə oyunlarda öz sözünü deyən futbolçu idi. Belə bir oyunçunun gedişi müəyyən çatışmazlıqlar yarada bilər. Amma gələcək üçün qazancımız da var. Biz təcrübəli klubuq və indiyədək də bir çox futbolçumuzu xarici klublara transfer etmişik. Bununla belə, Duranın komandada qalmasını da istərdik”.
Qeyd edək ki, Şotlandiya mətbuatının yaydığı məlumata görə, “Seltik” Kamilo Duranın transferi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (təxminən 12,5 milyon manat) ödəyəcək.
Bu keçid rəsmiləşəcəyi təqdirdə Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı olacaq.