BAKI, 30 iyun. TELEQRAF

“UEFA Konfrans Liqasında çıxış etmələri, həmçinin buradan Azərbaycan millisinə davamlı dəvət almaq imkanım transferimdə vacib amillərdən biri oldu”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Kosovo təmsilçisi “Malişeva”ya keçidi barədə danışarkən deyib.

30 yaşlı oyunçu yeni klubunu seçməsinin səbəblərindən danışıb:

“Kosovoya gəlməyim üçün hər cür şərait yaratdılar. İrəli sürdüyüm bütün şərtlərlə razılaşdılar. Baş məşqçi Tomas Brdariç məni komandasında görmək üçün çox israrlı idi. Bu da transferimdə əsas rol oynadı. Komanda avrokuboklarda çıxış edir. Demək olar ki, bütün danışıqları bir gün ərzində yekunlaşdırdıq və elə həmin gün də biletim alındı. Qarşıma böyük hədəflər qoymuşam. Klubun da əsas məqsədi çempion olmaqdır. Buna görə də iddialı heyət formalaşdırıblar”.

İsgəndərli başqa klublarla da danışıq apardığını, lakin son anda Kosovo təmsilçisini seçdiyini açıqlayıb:

“Asiya klublarından təkliflər var idi. Albaniyada çıxış etdiyim klubun sabiq baş məşqçisinin çalışdığı komanda da məni heyətinə qatmaq istəyirdi. Rumıniya və Belarus klublarından da təkliflər almışdım. Hazırda Rumıniya təmsilçisi ilə eyni oteldə qalırıq. Müxtəlif variantlar olsa da, danışıqlar çox çəkmədi. Mənim üçün ən doğru seçimin "Malişeva" olduğuna qərar verdim”.

Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyinib. O, 2025-ci ilin yayında Türkiyənin “Boluspor” klubundan azad agent kimi “Partizani”yə keçmişdi.