BAKI, 29 iyun. TELEQRAF
Fransanın PSJ klubu Almaniyanın “Leyptsiq” komandasının futbolçusu Yan Diomandenin transferini yaxın günlərdə rəsmiləşdirə bilər.
Teleqraf ESPN-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi artıq ilk rəsmi təklifini təqdim edib və tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb.
Mənbənin iddiasına görə, 19 yaşlı Fil Dişi Sahili millisinin üzvü artıq PSJ ilə 5 illik şəxsi müqavilə barədə razılığa gəlib. Transfer məbləğinin bonuslarla birlikdə təxminən 100 milyon avro olacağı gözlənilir.
Futbolçu ilə İngiltərənin “Liverpul” klubu da maraqlansa da, hazırda transfer yarışında əsas favorit PSJ-dir. İspaniyanın “Real Madrid” klubu da transferi izləyir.
Diomendinin Fransa nəhənginə transferinin hətta bu gün rəsmiləşə biləcəyi bildirilir.
Qeyd edək ki, Yan Diomande 2025/2026 mövsümündə “Leyptsiq”in heyətində bütün turnirlərdə 36 oyunda 13 qol vurub, 10 məhsuldar ötürmə edib. Hazırda isə Fil Dişi Sahili millisinin heyətində 2026-cı il dünya çempionatında mübarizə aparır.