AFFA "Sumqayıt"ı 12500 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Azərbaycan Premyer Liqasının XXIX turun “İmişli” – “Sumqayıt” oyununda qonaqların formasında qüsurlar olması səbəbindən matçın gec başladığına görə “Sumqayıt” komandası 1500 manat, azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə olunub.

"İmişli"də isə 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Həmçinin “Sabah” – “Karvan-Yevlax” qarşılaşmasının 64-cü dəqiqəsində meydan sahiblərinin 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya, “Sabah” komandası isə 1000 manat cərimə edilib. Masazır təmsilçisi matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 6500 manat ziyana düşüb.

Həmçinin qarşılaşmanın 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, komanda isə 500 manat cərimələnib.

Bundan başqa, “Şamaxı” – “Kəpəz” oyununda qonaqların komandasında 5 nəfər sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib.