BAKI, 31 mart. TELEQRAF

2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə İtaliya milliləri arasında keçiriləcək final oyunundan öncə qalmaqal baş verib.

Teleqraf "Corriere dello Sport"a istinadən xəbər verir ki, buna səbəb hərbi kamuflyaj geyinmiş bir şəxsin məşqi telefonla çəkməsi olub.

Bu, açıq mətbuat üçün nəzərdə tutulan hissədən sonra baş verdiyi üçün dərhal italiyalılara qarşı casusluq ittihamlarına səbəb olub.

Sonradan məlum olub ki, həmin şəxs Avropa İttifaqının Althea missiyasının (EUFOR) tərkibində xidmət edən italiyalı hərbçidir. EUFOR bazası məşq meydançasına, Butmirdə, çox yaxın məsafədə yerləşir.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, hərbçi italiyalıların rəqibini casusluq etmək məqsədilə izləməyib, sadəcə Bosniya futbolçularının məşqini izləmək üçün dayanıb. Buna baxmayaraq, insident böyük rezonans doğurub və Bosniya hakimiyyətləri EUFOR-a rəsmi şikayət göndərəcək.

Qeyd edək ki, Bosniya Herseqovina – İtaliya oyunu bu gün saat 22:45-də Zenitsa stadionunda keçiriləcək.