BAKI, 29 mart. TELEQRAF
İspaniya təmsilçisi “Barselona” 2026/2027 mövsümünüm əvvəlində “Kamp Nou”nu tərk etməyə məcbur olacaq.
Teleqraf “Mundo Deportivo”ya istinadən xəbər verir ki, buna səbəb stadionun dam örtüyünün quraşdırılmasıdır.
Belə ki, 2027-ci ilin yayına planlaşdırılan dam örtüyünün quraşdırılması gözləniləndən daha uzun çəkəcək. İlkin olaraq “Barselona” rəhbərliyi işləri təxminən 4,5 ay ərzində başa çatdırmağı planlaşdırsa da, mühəndislər bu müddətin 7 aya qədər uzana biləcəyini qeyd edirlər.
Klubun əməliyyat direktoru Joan Sentelles bildirib ki, “Barselona” stadionda işlərin aparılması üçün 2026/2027 mövsümünün son üç turunu və növbəti çempionatın ilk üç oyununu səfərdə keçirməyi planlaşdırır. Zərurət yaranarsa, klub müvəqqəti olaraq “Estadi Johan Kruiff” stadionuna köçə və ya yenidən “Monjuik” Olimpiya Stadionuna qayıda bilər.
Lakin ikinci variant maliyyə xərclərinə görə arzuolunmaz sayılır, birinci variant isə La Liqanın tələblərinə (minimum 15 min tamaşaçı tutumu) uyğun gəlmir.