BAKI, 10 mart. TELEQRAF
Konqo Futbol Federasiyasının prezidenti (Fecofoot) Jan-Qi Blez Mayolas korrupsiya və mənimsəmə ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Mayolası çirkli pulların yuyulması, sənədlərin saxtalaşdırılması və FIFA tərəfindən COVID-19 pandemiyası dövründə ayrılan vəsaitlərin mənimsənilməsində təqsirli bilib.
İstintaq materiallarına görə, o, qadın futbolunun inkişafı və məşq mərkəzinin inşası üçün nəzərdə tutulan ümumilikdə 1,3 milyon dollar vəsaiti talayıb.
Bu məbləğin təxminən 500 min dolları birbaşa qadınlardan ibarət milli komandaya ayrılmışdı. 2025-ci ilin mayında həbs edilən federasiya rəhbəri ilə yanaşı, qurumun baş katibi Baci Mombo Vantete də saxlanılıb. Hər iki şəxs ittihamları rədd edərək, baş verənləri onlara qarşı qurulmuş sui-qəsd adlandırıb.