BAKI, 6 mart. TELEQRAF

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXII turunda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.

Teleqraf-ın məlumatına görə, "Qarabağ" - "Sabah" (3:3) arasında keçirilən turun mərkəzi matçının sonlarında yaşanan gərginlikdə bağlı qərarın verilməməsi müzakirələrə səbəb olub.

Belə ki, Ağdam təmsilçisi matçda üçüncü qolu vurduqdan sonra qonaqların köməkçi məşqçisi Valerio Zuddas rəqibin ehtiyat skamyasına doğru qeyri-etik hərəkət edib. Mübahisə komandaların futbolçularının, məşqçi heyətinin iştirakına qədər böyüyüb. Nəticədə Ağdam klubunun məşqçiləri Zaur Tağızadə, Müşfiq Hüseynov və "Sabah"ın köməkçi məşqçisi Valerio Zuddas qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb. Sonradan isə baş məşqçilər Valdas Dambrauskasla Qurban Qurbanovun məsələyə qarışması ilə tərəflər sakitləşiblər.

Bəs, Valerio Zuddasın qeyri-etik jestinə görə niyə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmayıb?

Məsələ ilə bağlı Teleqraf-a açıqlama verən AFFA İK-in sərdi Erkin Hüseynov səbəbi belə izah edib:

"AFFA İntizam Komitəsi hakimlərin və AFFA nümayəndəsinin yazdığı protokola əsasən işləyir. Protokollar bizə gəlir, analiz olunur, mübahisəli hallar varsa, monitorda baxılır və ondan sonra səsvermə hüququ ilə ona qiymət verilir. Həmin faktla bağlı nə hakim, nə də “Qarabağ” tərəfindən heç bir dəlil ortaya qoyulmayıb ki, kimsə kimisə vurdu, təhqir etdi. Orada nə hakimlər onu yazıb, nə də AFFA nümayəndəsi. Mənim əlimə material gəlmədiyi halda nəyi araşdırım, yaxud araşdıra bilərəm?

Şifahi nəsə cəza yaza bilmərəm, bu, qanunsuzdur. Mən orada heç nə görməmişəm. Kimsə kimisə vursa, görmüş olsam, nümayəndəmiz də, hakim də yazmasaydı, mən ona müdaxilə edib üzə çıxarardım. Hakim orada 2 sarı vərəqəsini verib. Kimə cəza düşür onu verib. Hakim inspektor da, AFFA nümayəndəsi də yazmayıb ki, təhqir oldu və yaxud da kimsə kiməsə zərbə endirdi. Bu olmadığlndan heç bir cəza tətbiq etməmişik".