BAKI, 6 mart. TELEQRAF

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Teleqraf xəbər verir ki, buna Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Qarabağ” – “Şamaxı” oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olması səbəb olub.

Ağdam klubu 2500 manat cərimələnib. Həmçinin, görüşdə “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “şirlər" 700 manat ziyana düşüb.

Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü “Zirə” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Sumqayıt” komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviçin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmaması, “Sumqayıt” komandasının 1000 manat cərimələnməsi qərara alınıb.

“Qəbələ” – “Sabah” oyununun 48-ci dəqiqəsində “Qəbələ” komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. "Qırmızı-qaralar" isə 1000 manat cərimələnib.