QƏBƏLƏ, 5 mart. TELEQRAF
“Hər sualın cavabını bilsəydim, yəqin ki, futbolda ən ağıllı insanlardan biri olardım. Düşünmədiyimiz şeyi bu gün yaşadıq. İkinci hissədə rəqib 10 nəfər qalmışdı. İki dəqiqədə iki qol buraxmağımızın səbəbini dərin təhlil edərək tapmalıyıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Hər iki komandanı da göstərdikləri mübarizəyə görə təbrik edirəm. “Qəbələ” çox böyük mübarizlik göstərdi. Öz komandamı isə yarımfinala yüksəldikləri üçün təbrik edirəm. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Oturub bunun səbəbini tapmalıyıq. Qələbədən bizi çox incə xətt ayırdı. Neytral azarkeşlər də yəqin ki, bu oyundan həzz aldı. Hər ölkədə belə maraqlı oyunlar az olur. Bu ay ərzində 4-5 dəfə “Qəbələ” ilə qarşılaşırıq. Mənim üçün də asan deyil bu qədər eyni rəqibi analiz edim. Önümüzə baxacağıq.

Hazırda həm çempionat, həm də kubokda qalib olmaqla bağlı hisslər yoxdur. Biz sadəcə bərpa olunub qarşıdan gələn matçlara hazırlaşmalıyıq.

Deyə bilərəm ki, “Qarabağ”la oyun barədə düşünmürəm. Heç finalla bağlı da fikirləşmirəm. Heç yarımfinalın günləri də bəlli deyil. Biz qarşıdakı çempionat oyunlarına hazırlaşmalıyıq.

“Sözün açığı tam xatırlamıram ki, indiyə qədər hesabda bu qədər öndə olduğum halda rəqib bərabərləşdirsin. Amma futbolda belə şeylər olur. “Sabah” azarkeşlərini təbrik edirəm.

Bu dəli dünyada başımıza nələrin gələcəyini bilmək olmaz. Gələn mövsüm Avropada çıxış edəcəyimizi də indidən demək tezdir. Qarşıda çətin oyunlarımız var. Biz davam etməliyik. Son iki oyun böyük dərsdir. Düşündüyüm sadəcə oyunçularımın bərpasıdır”.