BAKI, 4 mart. TELEQRAF
Yaxın Şərqdəki silahlı münaqişə yayda ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) iştirakçılarına maneəsiz ötüşməyəcək.
Teleqraf xəbər verir ki, mundiala vəsiqə qazanmış İran yığması qrup mərhələsinin bütün oyunlarını ABŞ-də keçirməlidir. Belə ki, cənub qonşularımız iki matçını İnqlvudda (Yeni Zelandiya və Belçikaya qarşı), birini isə Sietlda (Misirə qarşı) oynayacaq.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac hərbi münaqişə kəskinləşdikdən sonra DÇ-2026-da yığmanın iştirakını az ehtimal olunan hesab edir. Bununla belə, Tac vurğulayıb ki, yekun qərarı dövlət rəsmiləri verəcək.
Futbol qurumları isə reaksiya vermək əvəzinə vaxt qazanmağa çalışırlar. FIFA-nın baş katibi Mattias Qrafström deyib: "Bu xəbərləri mən də sizin kimi oxumuşam. Görüşümüz baş tutub və hələlik ətraflı şərh verməyə tələsmirik. Dünyadakı bütün məsələlər üzrə hadisələrin inkişafını izləyəcəyik. Bizim əsas vəzifəmiz bütün komandaların iştirakı ilə dünya çempionatının təhlükəsiz keçirilməsini təmin etməkdir. Biz hər zaman olduğu kimi, ev sahibi olan üç ölkənin hökumətləri ilə əlaqə saxlayacağıq".

İran turnirdən çəkilərsə nə olacaq?
Bununla bağlı qərarı FIFA verir. Belə ki, sözügən hallar üçün konkret meyarlar müəyyən edilməyib, lakin məntiqlə qərarın əsasında idman prinsipi dayanmalıdır.
Qaydalara görə, əgər bir yığma ilk oyuna 30 gün və ya daha çox qalmış iştirakdan imtina edərsə, 277 min avrodan başlayan məbləğdə cərimələnir. Əgər bu müddət 30 gündən azdırsa, cərimə 554 min avrodan başlayır. Turnir zamanı imtina edərsə, növbəti dünya çempionatından kənarlaşdırıla bilər. Bütün hallarda onlardan FIFA və təşkilatçıların çəkdiyi maddi ziyanı kompensasiya etmək tələb olunacaq.

Buna bənzər pretsedentlər olubmu?
Balkanlardakı hərbi münaqişə səbəbindən AVRO-1992-nin başlamasına bir neçə gün qalmış Yuqoslaviyanın Danimarka ilə əvəzlənməsi yaddaqalan hadisələrdəndir. Həmin vaxt əvəzləmə məhz idman prinsipinə görə aparılmışdı - danimarkalılar seçmə mərhələdə qrupda yuqoslavlardan sonra ikinci yeri tutmuşdular. Qərarı öyrənən danimarkalılar məzuniyyətlərini yarımçıq qoyub turnirə qatıldılar və yekunda qitə çempionatının qalibi oldular. Yuqoslaviya həmçinin DÇ-1994-ün seçmə mərhələsinə də buraxılmamışdı.
Tarixə baxsaq, 1950-ci il dünya çempionatına vəsiqə qazanan üç ölkə - Hindistan, Şotlandiya və Türkiyə turnirə getməmişdi. Nəticədə 16 komanda əvəzinə cəmi 13 komanda iştirak etmişdi. O zaman da alternativ ölkələr (İrlandiya, Portuqaliya, Fransa) dəvət edilsə də, onlar da iştirakdan imtina etmişdilər.
.jpg)
İranın yerinə namizəd ola biləcək ölkələr hansılardır?
Məntiqlə İranı Asiya təmsilçisi əvəzləməlidir. Asiyadan artıq Yaponiya, Cənubi Koreya, Özbəkistan, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı və Avstraliya vəsiqə qazanıb. İraq yığması martın sonunda qitələrarası pley-off vasitəsilə vəsiqə ala bilər.
Əgər İraq pley-offda uduzsa və İran imtina etsə, ehtimal ki, İraq xüsusi dəvət alacaq. Əks halda, növbə BƏƏ-yə çatacaq. Alternativ variant kimi FIFA reytinqində ən yüksək olan Asiya ölkəsini seçmək olar ki, burada da əsas namizəd BƏƏ-dir.
Qeyd edək ki, DÇ-2026-nın 11 iyun - 19 iyul tarixlərində keçirilməsi planlaşdırılır.
