BAKI, 20 fevral. TELEQRAF
İtaliyanın "İnter" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Norveçdə "Budo/Qlimt"ə 1:3 hesabı ilə məğlub olduqdan sonra stadionun süni ot örtüyünün vəziyyəti ilə bağlı narazılığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Milan təmsilçisi hesab edir ki, meydançanın keyfiyyəti qitənin ən nüfuzlu klub turnirinin tələblərinə cavab vermir.
Qarşılaşmadan əvvəl hökm sürən əlverişsiz hava şəraiti səbəbindən arenadan 80 ton qar təmizlənib. Bu proses zamanı meydançanın kənar hissələrində yaranan qırışlar futbolçuların təhlükəsizliyi üçün ciddi risk yaradıb. "İnter" rəhbərliyi hələ oyundan öncə UEFA-ya qeyri-rəsmi müraciət edərək zədə təhlükəsi barədə xəbərdarlıq etsə də, görüşün keçirilməsinə qərar verilib.
Meydançanın qeyri-qənaətbəxş vəziyyəti "neradzurri"nin heyətində ciddi itkilərə yol açıb. Komandanın aparıcı hücumçusu Lautaro Martines matçın 61-ci dəqiqəsində baldır əzələsindən zədə alaraq meydanı tərk edib. Həmçinin sonradan oyuna daxil olan yarımmüdafiəçi Pyotr Zelinski də zədələnənlər siyahısına düşüb. Ehtiyat tədbiri olaraq baş məşqçi Davide Frattezi və Hakan Çalhanoğlunu bu görüşdə meydana buraxmayıb.
Qeyd edək ki, "İnter" və "Budo/Qlimt" arasında cavab görüşü fevralın 24-də keçiriləcək.