BAKI, 17 fevral. TELEQRAF

“Həmin epiozdda "Qəbələ"nin futbolçusunun əli topa dəymişdi. Gördüyüm qədərilə əllə oynamışdı. Başqa heç nə deyə bilmirəm”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın braziliyalı futbolçusu İqor Noqeyra deyib.

31 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” ilə oyunda rəqibin qeydə alınmayan qol epizodunda hakim Rauf Cabarovun doğru qərar verdiyini bildirib. O, rəqibi 1:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Çox çətin oyun oldu. Demək olar ki, oyunun əksər hissəsi çətin keçdi. Son 10 dəqiqə də çox çətin oldu. 1:0 çox sürüşkən hesabdır. Oyunda hesabı 2:0, 3:0 da edə bilərdik. Bəzi epizodları düzgün dəyərləndirə bilmədik. Rəqib də özünə inam qazandı. Belə hallarda oynamaq çox çətindir. Amma şükür ki, nəticəni qoruyub saxlaya bildik.”

Futbolçu çempionluq yarışında rəqibləri olan "Qarabağ"ın “Neftçi" ilə oyununun təxirə salınmasına belə reaksiya verib: “Bizə heç bir təsiri olmayacaq. "Sabah" olaraq sadəcə özümüzü fikirləşir və işimizə köklənirik.”

Noqeyra məğlubiyyətsizlik seriyasının qırılmaması ilə bağlı da danışıb: “Həmişə qeyd etmişik, qarşıdan gələn oyuna köklənirik. Növbəti oyun da “Kəpəz”lədir. Mövsümün sonuna çox var, biz sadəcə növbəti oyunu düşünürük”.

Qeyd edək ki, “Sabah” 20 turdan sonra 49 xalla, 4 xallıq fərqlə “Qarabağ”ı üstələyərək turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.