BAKI, 27 noyabr. TELEQRAF

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra turnir cədvəlinin 19-cu pilləsində yer alıb.

Teleqraf xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İspaniyanın "Barselona", eləcə də İtaliyanın "Napoli" klubları ilə eyni xala malikdir - 7.

Ağdam təmsilçisinin növbəti rəqibi olan Niderland "Ayaks"ı isə turnirdə xal qazanmayan yeganə komandadır.

Turnir cədvəlinə beş oyunun hamısında qalib gələn İngiltərə "Arsenal"ı başçılıq edir. Türkiyə çempionu "Qalatasaray" isə 9 xalla 14-cü sırada qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Ayaks"ı dekabrın 10-da qəbul edəcək. Təmsilçimiz gələn ilin yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə, 28-də isə İngiltərədə "Liverpul"la qarşılaşacaq.