BAKI, 14 noyabr. TELEQRAF

Xəbər verdiyimiz kimi, “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”la oyundan sonra matçın baş hakimi Elçin Məsiyevi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb, klub 10 min manat cərimə olunub.

Teleqraf-ın məlumatına görə, Samir Abasovun hakimi təhqir etdiyi görüntülər “Sportlife.az” tərəfindən lentə alınaraq oyundan sonra paylaşılıb. AFFA-nın də cəzanı bu video əsasında verdiyi şübhə doğurmur.

Maraqlıdır ki, AFFA-nın qərarından sonra Bakı klubu sözügedən saytla əməkdaşlıq müqaviləsinə birtərəfli qaydada xitam verib.

Bu barədə Mirələm Həsənli məlumat verib və “Neftçi”ni media azadlığını pozmaqda ittiham edib:

“Neftçi” klubunun 9 noyabr 2025-ci il tarixində “Qarabağ” FK ilə keçirdiyi oyundan sonra komandanın baş məşqçisi Samir Abasovun hakimə qarşı etik normalara zidd ifadə işlətməsi təsadüfən əməkdaşımız tərəfindən lentə alınıb və bu fakt ictimai maraq daşıdığı üçün yayımlanıb.

“Sözügedən video hər hansı manipulyasiya, şəxsi maraq və ya qərəz məqsədi daşımırdı. Məqsəd idmanda davranış mədəniyyətinə diqqət çəkmək və sağlam idman mühitinin qorunmasına töhfə vermək idi. Daha sonra videonun silinməsi barədə mənə klubun mətbuat katibi tərəfindən vatsap üzərindən müraciət olunub. Lakin mən, baş redaktor olaraq, peşə borcuma və jurnalist etikasına sadiq qalaraq bu təklifdən imtina etmişəm.

Bundan əlavə, ötən ilin dekabr ayında klubun media üzrə koordinatoru Rüstəm Əfsərli tərəfindən mənə “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adının hazırladığım materialdan çıxarılması ilə bağlı qeyri-peşəkar xarakterli xahiş edilib və o zaman da imtina etmişəm. Bu kimi müdaxilə cəhdləri də jurnalist fəaliyyətinə təsir göstərmək təşəbbüsü kimi qiymətləndirilməlidir.

Son hadisədən bir neçə gün sonra klub tərəfindən aramızdakı müqaviləyə səbəbsiz və əsassız şəkildə xitam verilməsi ilə bağlı mənə məktub göndərilib. Mən bu addımı jurnalistin peşə azadlığına, müstəqilliyinə və ictimai missiyasına qarşı hörmətsizlik kimi qiymətləndirirəm”.

Saytın baş redaktoru Medianın İnkişafı Agentliyinindən, Mətbuat Şurasından məsələni diqqətdə saxlamağı xahiş edib.