BAKI, 13 noyabr. TELEQRAF

AFFA “Qarabağ” və “Neftçi”ni azarkeşlərinə görə cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, Premyer Liqanın XI turun “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 6000 manat cərimə edilib.

Bundan başqa, “Neftçi”nin azarkeşləri də matçın 84-cü dəqiqəsində meydançaya kənar əşya atıb və və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə paytaxt klubu 3500 manat cərimə edilib.

Eyni zamanda, “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə bakılılar 7000 manat cəriməyə məruz qalıb.

Bundan başqa, həmin matçda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilib.