BAKI, 12 noyabr. TELEQRAF
“Sabah bizi maraqlı və gərgin oyun gözləyir. Onlar üçün də önəmli oyundur. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərdir. İnanıram ki, bizi tək qoymayacaqlar. Rəqib Ukrayna ilə oyunda məğlub olsa da, ona layiq deyildilər. İtkilərimiz var. İstəməzdik, itkilər olsun. Amma yığmaya yeni çağrılanlar üçün yeni şansdır. Elvin Cəfərquliyev düşərgəni tərk etdi, Emin Mahmudovun oynayıb-oynamayacağı sual altındadır".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya yığmasına qarşı oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis sabahki qarşılaşmaya ciddi hazırlaşdıqlarını qeyd edib: "İslandiyanın heyətində bir çox Avropa klublarlnda oynayan futbolçular var. Özlərinə məxsus oyun üslubları var. Birinci oyundan çox danışmaq istəmirəm. İlk oyunu unutmalıyıq. Son oyunlardakı əzmkar çıxışımızı evdə də göstərib, xal qazanmalıyıq. Hər oyuna çıxanda qələbə əzmi istəyirik. Bu dəqiqə rəqib daha çox təzyiqdədir, çünki onların daha çox şansları var. Yeni futbolçular həyacanlı ola bilər, amma ümid edirəm ki, azarkeşlər bunu aradan qaldırmaq üçün maksimum dəstək olacaqlar”.
"Rza Cəfərovun oynamamasına baxmayaraq, dəvət olması nə ilə əlaqəlidir" sualına baş məşqçi belə cavab verib: “Rzanın oynamamasını bilirik. Amma biz bu gün ona dəstək olmalıyıq. İnanıram ki, qışdan sonra özü qərar verib, oynayacaq. O, bizim gələcəyimizdir”.
Ayxan Abbasov “Turan Tovuz”dan nə üçün futbolçu dəvət etməməsinə də aydınlıq gətirib: “Faiq Hacıyevi çağırırdım, bu dəfə dəvət etmədim. Çünki rəqabət var. Dəvət etdiyim futbolçularda daha çox potensial gördüm. “Turan Tovuz”da da daha yaxşı, milliyə layiq furbolçular var".
Elvin Cəfərquliyevin yoxluğunun oyuna təsirinə gəlincə isə baş məşqçi bildirib: "Onun yoxluğu bizə böyük itkidir. Çempionlar Liqasında yaxşı çıxış edir, ideal formadadır. Bu gün Mahir Emrelinin də, Musa Qurbanlının da yoxluğu itkidir".
Qeyd edək ki, Azərbaycan – İslandiya matçı sabah “8-ci km” stadionunda saat 21:00-da start götürəcək.