BAKI, 18 iyul. TELEQRAF
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın "Partizani" komandasının heyətində UEFA Konfrans Liqasında Estoniya "Kalyu"suna qarşı I təsnifat mərhələsinin cavab görüşündə iştirak edib.
Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi meydana start heyətində çıxıb.
Tirana şəhərindəki "Arena Kombëtare"də keçirilmiş oyunun əsas vaxtı qolsuz tamamlanıb. 40-cı dəqiqədə İsgəndərli kobud oyuna görə sarı vərəqə alıb. 80-ci dəqiqədə onun komanda yoldaşı Culiano Skuka penaltini dəqiq yerinə yetirə bilməyib.
İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxt təyin olunub. Bu bölümün startında İsgəndərli əvəzlənib. 104-cü dəqiqədə isə Nikita İvanov "Kalyu"nun qələbə topunu vurub.
Nəticədə "Partizani" mübarizəni dayandırıb.