BAKI, 19 may. TELEQRAF

“Neftçi” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv XXXV turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.

Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/10 və 2015/16 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.