BAKI, 3 may. TELEQRAF

“Yaxşı komandaya qarşı oynadıq”.

Teleqraf xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXXIII turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: “Hər iki komanda oyunun dinamikasını artırmağa çalışdırdı. Komandam hər iki hissədə öz oyun üslubunda çıxış etməyə çalışırdı. Yaxşı hücumlar qururduq, sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonlarıdır. İnanıram ki, qarşıdakı oyunlarda komanda daha əzmkar olacaq və istəyinə çatacaq”.

Baş məşqçi avrokubok uğrunda mübarizədə “Turan Tovuz”un xal itirməsini belə şərh edib: “Sırf rəqibin oyununa baxıb xoşbəxtlik axtaran deyiləm. Daha çox öz komandamın oyununu düşünürəm. Qismətimizdə varsa, öz hesabımıza alındırmağa çalışacağıq”.

O, hakimlərdən oyunun tempini düşürməmələrini istəyib: “Həmişə hakimlikdən danışmaq istəmirəm. Sadəcə, oyunun tempini düşürməsinlər”.