BAKI, 20 aprel. TELEQRAF
"Nə qədər çalışsaq da, məğlubiyyətdən qaçmaq mümkün olmadı".
Bu sözləri “Neftçi”nin futbolçusu Yuri Matias Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
Braziliyalı müdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu söyləyib: “Bu derbi matçı Azərbaycan futbolçu üçün vacib qarşılaşmadır. Bilirdik ki, çətin oyun olacaq. Çünki rəqib güclüdür".
30 yaşlı müdafiəçi komandasının ardıcıl qollar buraxdığını bildirib: “Oyuna yaxşı başladıq. İlk qoldan sonra təxminən 5 dəqiqə ərzində sanki çaşqınlıq yarandı. Qapımızda ardıcıl qollar gördük. 0:3-dən sonra geridönüş etmək çətin idi. Nə qədər çalışsaq da, məğlubiyyətdən qaçmaq mümkün olmadı”.
Matias aprelin 23-də Azərbaycan Kubokunun 1/2 final mərhələsində “Sabah”la cavab oyununda geridönüş etməli olduqlarını vurğulayıb: “İlk matçda 1:2 hesabı ilə uduzmuşuq. Lakin hələ heç nə bitməyib. Qarşıda cavab oyunu var. Vəziyyəti dəyişmək lazımdır. Mütləq geridönüş etməliyik. Bunun üçün daha yaxşı, daha diqqətli olmalıyıq. “Sabah”la görüş bizim üçün çox vacibdir. Qələbə üçün canımızı verməliyik”.