BAKI, 18 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXXI turun oyununda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın itkiləri bəlli olub.
“Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Teleqraf-a açıqlamasında derbidə 4 futbolçunun iştirak etməyəcəyini bildirib.
Klub rəsmisi iki futbolçunun yaşıl meydana geri qayıtdğını da qeyd edib:
“Sabahkı oyunda Emil Səfərov, Ryonosuki Ohori, Robert Bauer və Edvin Kuç oynamayacaq. Emin Mahmudov və Mustafa Sek isə zədədən qayıdıblar, komanda ilə birlikdə məşqlərdə iştirak edirlər”.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Teleqraf-a verdiyi məlumata görə, sabahki qarşılaşmanı bir nəfər buraxacaq: “Şahruddin Məhəmmədəliyev zədəli olduğuna görə matçı buraacaq. Abbas Hüseynovun zədəsi isə sağalıb”.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da start götürəcək.