BAKI, 9 aprel. TELEQRAF
“Sabah” klubu “Neftçi”nin futbolçusu Elvin Camalovla bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, “Sabah” klubunun rəsmi açıqlamasında E.Camalov peşəkar etika qaydalarını pozulmaqda ittiham olunur.
Bəyanatda bildirilir: “Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” ilə “Neftçi” arasında baş tutan oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayıb. Ona cari mövsümün sonunda “Neftçi”yə keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
Bu təklif “Sabah”ın futbolçusunun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq, təklifdə israr edib.
Sözügedən futbolçunun “Sabah”la müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır.
Bu cür davranışı peşəkar etika, futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik.
Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında “Sabah” və “Neftçi”nin qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandanın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk”.
Qeyd edək ki, “Sabah” klubu E.Camalovun hansı futbolçu ilə danışıqlar aparması barədə məlumat verməyib.