BAKI, 10 aprel. TELEQRAF

Almaniyanın Duysburq şəhərində elektron poçtla göndərilən təhdid xarakterli məktublarla əlaqədar bağlanan 20 məktəblə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Teleqraf xəbər verir ki, məktubların müəllifi ifrat sağçı təhdidlər vasitəsilə Almaniyanın təhsil sisteminə diqqət çəkmək niyyətində olub.

Bu barədə Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reul əyalət parlamentinin daxili işlər komitəsində çıxışı zamanı məlumat verib.

Nazir qeyd edib ki, müəllif sonuncu e-poçtunda əvvəlki məktubları, sadəcə, cəmiyyətin diqqətini cəlb etmək üçün göndərdiyini bildirib. Onun sözlərinə görə, son məktubda heç bir təhdid yer almayıb, əksinə, bu sənəd daha yaxşı təhsil sistemi ilə bağlı manifest xarakteri daşıyıb. H.Reul məktəblərin bağlanmasının çox çətin, lakin düzgün qərar olduğunu bildirib.

Təhlükənin real olmadığı sonradan aydın olsa da, rəsmi qurumlar mümkün riskləri nəzərə alaraq, müvafiq tədbirləri həyata keçirib. Hazırda məktubların müəllifinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.