BAKI, 23 mart. TELEQRAF

"Belə bir nailiyyəti əldə etmək mənim üçün böyük nailiyyət idi".

Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

31 yaşlı qolkiper qapısını 660 dəqiqədən çox müddətdə toxunulmaz saxlayaraq Azərbaycan Premyer Liqasının tarixinə keçməsini şərh edib: "Hər bir uğur zəhmətin bəhrəsidir. Bu seriya boyunca, qol buraxmayaraq rekord vurmağı deyil, oyunlara köklənmişdim. Təbii ki, bu seriyanı mümkün qədər uzatmaq istəyirdim. Tarixin bir parçası olmaq mənim üçün böyük şərəfdir və ümid edirəm ki, bu çıxış da milli komandada inkişafıma müsbət töhfə verəcək".

Avram Moldova klubunda sabit çıxışının milli komandasındaki durumuna təsir göstərdiyini bildirib: "Araz-Naxçıvan"da mütəmadi start heyətdə çıxış etməyim mənə davamlılıq və lazımi təcrübə qazandırır. Məşq zamanı fiziki və mənəvi cəhətdən matçlara hazır olmaq üçün əlimdən gələni etməyə çalışıram. Təcrübəmlə milliyə kömək edə bilərəm. Əminəm ki, öz klublarında daha az şans qazanan komanda yoldaşlarım da səylərini birləşdirərək qalib gəlməyə çalışırlar".

O, qapıçı olaraq güclü tərəfi kimi çətinliklərə boyun əyməməsini göstərib: "Bu xüsusiyyət millimizdə də var. Həmişə sona qədər mübarizə aparırıq və bir-birimizi dəstəkləyirik ki, bu da bizə meydanda xüsusi birlik və güc verir".

Moldovalı oyunçu qapıçı mövqeyində çıxış etməsindən xoşbəxt olduğunu bildirib: "Uşaqlıqdan qapıçı olmaq fikri məni cəlb edirdi. Uşaqların əksəriyyəti qol vurmaqla daha çox maraqlansa da, bunun qarşısını almaq daha maraqlı idi. Bu ehtiras uzun illər mənə yol göstərdi və etdiyim seçimdən heç vaxt peşman olmamışam. Qapıçı olduğum və komandamın uğurlarına töhfə vermək imkanına malik olduğum üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Kristian Avram Azərbaycan Premyer Liqasının XI turunun “Zirə” ilə oyununda 30-cu dəqiqədə buraxdığı qoldan sonra III turdan təxirə salınmış “Zirə”, eləcə də “Neftçi”, “Sumqayıt", “Turan Tovuz”, “Səbail” (hamısı 1:0) və "Kəpəz" (2:0) komandaları ilə görüşlərdə qapısını toxunulmaz saxlayıb. XVII turun “Sabah”la oyununun 78-ci dəqiqəsində top buraxan qapıçı ümumilikdə 677 dəqiqə toxunulmazlıq göstəricisi ilə ölkə çempionatının 660 dəqiqə və daha çox qol buraxmama rekordçusu adına yiyələnib."Belə bir nailiyyəti əldə etmək mənim üçün böyük nailiyyət idi".