BAKI, 19 mart. TELEQRAF

“Hər yerdə vicdanla işləmişəm, elə “Neftçi”də də. Klubla müqaviləm bitdi, yeniləmədilər, ayrıldım. Daha nə soyuq, nə isti münasibət məsələsi deyil. Ramin Musayev nə deyir, qoy desin”.

Bu sözləri Teleqraf-a açıqlamasında veteran futbolçu Ağasəlim Mircavadov “Neftçi”nin sabiq vitse-prezidenti Ramin Musayevə cavab olaraq deyib.

78 yaşlı mütəxəssis əvvəlki klub rəsmisinin onun barədə “Həmin vaxt Ağasəlim müəllim düz etdi. Çünki o, Birlik Kubokunu qazandıqdan sonra bir qədər soyuq münasibət gördü. Özünə hörmət qoyan insandır, ona görə də getdi” fikrinə belə reaksiya verib: “Bu söhbətin üstündən neçə il keçib, yaddan çıxarmışam. Oradan dostyana ayrıldım. İndi də bir çoxu ilə tədbirlərdə görüşür, bayramlarda zəng vurub təbrikləşirik. Harada işləmişəmsə hörmətlə ayrılmışam. Mən sovet məktəbini bitirmişəm. O zaman baş məşqçi barədə qanunlar vardı. Orada oyunçular, rəhbərlik və baş məşqçinin kluba necə gəlib-ayrılması göstərilirdi. Ona görə heç yerdən hay-küylə çıxmamışam”.

Qeyd edək ki, Ağasəlim Mircavadov 2004 - 2006-cı illərdə “Neftçi”də, 2006 - 2008 və 2009-2010-cu illərdə “Xəzər-Lənkəran”da baş məşqçi işləyib.