
BAKI, 15 mart. TELEQRAF
“Biz komandaları "bu, “Səbail”, o, “Turan Tovuz”dur", - deyə ayırmırıq. Yaxud da kubok və çempionat oyunu seçimi etmirik. Bütün qarşılaşmalara qələbə üçün çıxırıq”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Azər Salahlı deyib.
31 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyunun nəticəsindən narazılığını dilə gətirib: “Ötən tur yaxşı oynasaq da, bəxtsizlikdən qol buraxdıq. Həmin gün şans “Turan Tovuz”un tərəfində idi. Rəqib qırmızı vərəqə alana qədər hər şey yaxşı idi. Ondan sonra üstünlük bir qədər də bizim tərəfə keçdi. İstədiyimiz qolu vura bilsək də, son saniyələrdə bəxtimiz gətirmədi və 3 xal itirdik. Amma bu, artıq geridə qaldı. Biz bunu unutmuşuq. Növbəti oyunlara köklənirik”.
Salahlı komandasının növbəti tur "Səbail"ə qarşı səfər görüşündən və xal ehtiyatını artıraraq yuxarı pillələrə qalxmaq istəyindən də söz açıb: “Sabah”la xal fərqimiz azdır. Əlbəttə, onları keçməyə maksimum dərəcədə köklənmişik. Milli fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, “Səbail”dən xal alaq. Hər oyundan-oyuna yalnız qələbə üçün çıxırıq. Sonda turnir cədvəlində nə baş verdiyini görəcəyik. Çempionat və kubokdakı “Neftçi” eynidirmi? Bəli. Oyunumuza baxırıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Bizim üçün önəmli və əsas hədəf avrokuboklara getməkdir”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”in qonağı olacaq. Martın 16-da “ASCO Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. "Ağ-qaralar" hazırda 28 xalla 7-ci, "dənizçilər" isə 18 xalla sonuncu - 10-cu pillədə yer alıb.